ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQI QARŞISINDA GÖSTƏRDİYİ XİDMƏTLƏR ƏVƏZSİZDİR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 16-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının “Heydər Əliyev-85: Azərbaycanın sosial-iqtisadi tərəqqisində modernləşmə yanaşmaları” mövzusunda dəyirmi masada vurğulanmışdır.
Partiyanın sədri və Milli Məclisin deputatı Xanhüseyn Kazımlı ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan söz açmış, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yubileyin dövlət səviyyəsində qeyd olunacağını bildirmişdir. Natiq demişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. Dövlət idarəçiliyi ilə bağlı strateji proqramında mədəni və mənəvi intibahı həmişə sənayedə və iqtisadiyyatdakı baş verən uğurlarla əlaqələndirərək vahid məcraya yönəldirən ulu öndər 1969-1982-ci illər Azərbaycan salnaməsini yaratmışdır.
Xanhüseyn Kazımlı xüsusi vurğulamışdır ki, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin möhkəm təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi.
Bildirilmişdir ki, 1994-cü ildə Heydər Əliyev neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi-mənəvi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafa təkan verərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan sürətlə inkişafı üçün zəmin yaratdı. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.
Digər natiqlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin sosial tərəqqisindəki, xalqımızın maddi rifahındakı zəhmət və xidmətlərini yüksək dəyərləndirərək, bu şərəfli işi təqdirəlayiq saymışlar.
Tədbir iştirakçıları cari ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycanın hərtərəfli yüksəlişində böyük xidmətlər göstərən Ali Baş Komandan İlham Əliyevi yekdilliklə dəstəkləyəcəklərini bildirmişlər.