ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN YUBİLEYİ MÜNASİBƏTİLƏ QƏBƏLƏDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dahi şəxsiyyət Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Qəbələ rayonunda silsilə tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş geniş tədbirlər planına uyğun olaraq, yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında yubiley münasibətilə yığıncaqlar, görüşlər təşkil edilir.
Rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda birgə elmi-praktik konfrans keçirmişdir. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, dövlət quruculuğundan, ölkəmizin inkişafındakı xidmətlərindən danışmışlar.
Rayon təhsil şöbəsində keçirilən “Gənclər siyasəti, bədən tərbiyəsi və idman: nailiyyətlər və perspektivlər” mövzusundakı seminar-müşavirədə isə qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə bədən tərbiyəsi və idman inkişaf edir, gənclərin problemlərinin həlli istiqamətində böyük işlər görülür, nailiyyətlər qazanılır.
Müstəqil Azərbaycan memarı və qurucusu Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Qəbələ şəhər stadionunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon təşkilatları arasında futbol üzrə zona yarışları keçirilmişdir.
Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminarın, mayın 5-6-da tədris müəssisələrində Heydər Əliyev dərslərinin keçirilməsi, mayın 10-da təntənəli yubiley tədbirinin təşkil olunması nəzərdə tutulur.