CƏMİYYƏT
Ulu Öndərin qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Nizami rayonunda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə və Memorial Kompleks, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda dahi şəxsiyyətin əziz xatirəsinə ucaldılmış abidəsi ziyarət olunub, əklil, gül dəstələri qoyularaq ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və YAP-ın yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. O, 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Çıxış edənlər “91”lərin üzvü, YAP Veteranlar Şurasının üzvləri, professor Südeyf İmamverdiyev, professor Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, partiyanın fəal üzvü, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, Vətən müharibəsinin qazisi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Teymur Kərimli və başqaları vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı önləndi. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Əlavə edilib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və biz bu gün uğurlu siyasi fəaliyyətin nəticəsini - tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Çıxışlardan sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla, müharibə veteranları, şəhid ailələrinin üzvləri təşəkkürnamələrlə, hədiyyələrlə təltif ediliblər, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə bədii hissə ilə yekun vurulub.