Ulu Öndərin xatirəsinə sonsuz məhəbbət
İmişli, 10 may, Mahir Babayev, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü bölgələrdə böyük izdihamla qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə Ulu Öndərin xatirəsinə sonsuz məhəbbət nümayiş olunub.
Rayon rəhbərliyi, İmişli ictimaiyyəti Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, görkəmli dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində kitab sərgisi açılıb. Sərgidə Heydər Əliyevə həsr olunan, eləcə də Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitablar, qədim nəşrlər və rəsm nümunələri maraqla qarşılanıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbirdə çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirdə Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilməsi nəticəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada dayandığı, iqtisadi və siyasi qüdrətinin günbəgün artdığı xüsusi vurğulanıb.
X X X
Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən mərasimdə Ulu Öndərin mənalı ömür yolundan ətraflı söhbət açılıb.
Rayonun rəhbər işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının, idarə, müəssisə və təşkilat kollektivlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ulu Öndərin dövlətçiliyimiz tarixindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan dahi rəhbər qısa müddətdə ölkəni düşdüyü ağır böhrandan xilas etdi, respublikada siyasi sabitlik və vətəndaş həmrəyliyi yarandı. Məhz bundan sonra iqtisadi və siyasi islahatlara, ordu quruculuğuna başlandı. Ulu Öndərin Biləsuvara daim qayğı ilə yanaşdığını diqqətə çatdıran M.Quliyev bu gün həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonda ümumtəhsil məktəbləri şagirdlərinin və gənc rəssamların rəsm əsərləri nümayiş olunub, incəsənət xadimləri və rayon mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış edib.
X X X
Neftçalalılar da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü izdihamla qeyd ediblər.
Rayon rəhbərliyi, yüzlərlə sadə neftçalalı Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Bayram tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzində kitab festivalı keçirilib. Ümummilli Liderin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitablar maraqla qarşılanıb. Uşaqların rəsm əsərləri, texniki yaradıcılıq mərkəzi şagirdlərinin əl işləri, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələrinin gül-çiçəkdən hazırladıqları dövlət atributları tədbirə əlavə rəng qatıb.
Maraqlı konsert proqramı bayram əhval-ruhiyyəsini daha da artırıb.
X X X
Salyan rayonunun qəsəbə və kəndlərində, idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub.
Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri və yüzlərlə sadə salyanlı mayın 10-da səhər saatlarında şəhərdəki parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Sonra mərasim iştirakçıları rayondakı Olimpiya İdman Kompleksində Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə rayon birinciliyinin final mərhələsinə tamaşa ediblər. Oyundan sonra qalib komanda - rayon polis şöbəsinin üzvləri və digər idmançılar mükafatlandırılıblar.