ÜMUMMİLLİ LİDERİN ABİDƏSİNİN VƏ HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞ MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvan şəhərinin mərkəzində xalqımızın ümummilli liderinin abidəsinin və Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak etmişdir.
Postamentlə birlikdə hündürlüyü 10 metr olan qranit abidənin müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.
Dövlətimizin başçısı abidənin önünə gül qoydu.
Sonra Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, əsası ulu öndərin 75 illiyi ərəfəsində qoyulmuş bu muzey rəsmi olaraq 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Lakin 2005-ci ilin əvvəlindən bina əsaslı təmir olunmuşdur və indi istifadəyə verilir. Muzeydə 1103 eksponat nümayiş etdirilir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər, eyni zamanda ulu öndər haqqında yazılmış kitablar toplanmışdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən istifadə etdiyi əşyalar, eləcə də bütün xarici səfərlərini əks etdirən materiallar diqqəti cəlb edir.
Prezident İlham Əliyev muzeyin ekspozisiyası ilə yaxından tanış oldu və xatirə kitabına ürək sözlərini yazdı:
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz həyatını Azərbaycanın inkişafına həsr etmişdir. Bütün dövrlərdə öz xalqına ləyaqətlə xidmət etmiş Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində xüsusi rol oynamışdır.
70-80-ci illərdə Azərbaycanın rəhbəri kimi, ondan sonra Moskvada Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü kimi Azərbaycanın hərtərəfli inkişafında müstəsna rol oynamışdır.
Naxçıvanda 90-93-cü illərdə ağır, çətin günlərdə naxçıvanlılarla birlikdə Muxtar Respublikanı erməni işğalçılardan müdafiə etmişdir.
Və nəhayət, Azərbaycan dövlətinin Prezidenti kimi Azərbaycanın tərəqqi və çiçəklənmə yoluna qədəm qoymasında əvəzsiz xidmətlər göstərmişdir.
Ulu Öndər Heydər Əliyev öz doğma Vətənini - Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər.
Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır.
İlham Heydər oğlu Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Naxçıvan, 20.12.2006”.