“ÜMUMVƏHDƏT FƏLSƏFƏSİ VƏ MÜSAİR ELM” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR BAŞA ÇATMIŞDIR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda ikigünlük elmi-nəzəri seminar martın 31-də başa çatmışdır.
Seminarın əsas məqsədi müştərək imkan və səylərdən istifadə etməklə gələcək tədqiqatlar üçün fəlsəfi metodologiya axtarmaq, müxtəlif elmləri təmsil edən alimləri vahid mövzunun müzakirəsi ətrafında birləşdirmək, intellektual və mənəvi təkmilləşmə imkanlarını genişləndirmək olmuşdur. Tanınmış filosofların və təbiətşünas alimlərin iştirak etdiyi seminarın sonuncu günündə işgüzar fikir mübadiləsi aparılmışdır.
Seminar iştirakçıları AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Xəlil Ağaverdinin “Aşıq yaradıcılığında maddi və mənəvi dəyərlərin əlaqəsi və vəhdəti”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) baş elmi işçisi, fəlsəfə elmləri doktoru Adil Əsədovun “İdrak və izah: elmdə fəlsəfi və eksperimental başlanğıcların münasibətlərinə dair”, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Leyla Mehdiyevanın “İnsanın psixikasında fərdi xüsusiyyətlərin formalaşması dövründə sosioloji amilin təsiri”, AMEA FSHİ-nin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Əhməd Qəşəmoğlunun “Elm və din arasında münasibətlərin aydınlaşdırılmasında ümumvəhdət fəlsəfəsinin rolu”, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə elmləri namizədi Fidan Fərəcovanın “Uzaq Şərq buddizmində ümumvəhdət problemi” mövzularında və s. məruzələri dinləyib müzakirə etmişlər.
Məruzələrdə və çıxışlarda belə bir yekdil fikir ifadə olunmuşdur ki, informasiya mübadiləsi və axınının artıq elmin bütün sahələrini əhatə etdiyi indiki şəraitdə elm, din və fəlsəfə arasında konsensusu ümumvəhdət fəlsəfəsi təmin edə bilər. Qeyd edilmişdir ki, fəlsəfənin, tarixin və idrak nəzəriyyəsinin yeni metodologiyasının axtarışı istiqamətində də ardıcıl işlər görülməlidir. Bundan əlavə, bir sıra fəlsəfi-nəzəri anlayışların dəqiqləşdirilməsi, filosof və müxtəlif elm sahələrindən olan mütəxəssislərin, o cümlədən təbiətşünas alimlərlə qarşılıqlı əlaqə prinsiplərinin aşkar edilməsi müasir Azərbaycan elminin inkişafını səciyyələndirən əsas şərtlərdən biri kimi qiymətləndirilmişdir.