DÜNYA
Vaşinqtonda ABŞ-Qazaxıstan ikitərəfli münasibətlərinə həsr edilmiş konfrans keçirilib
Vaşinqton, 12 dekabr, Yusif Babanlı, AZƏRTAC
Vaşinqtonda “Təhlükəsiz gələcək naminə əməkdaşlıq: İkinci Qazaxıstan-ABŞ Konvensiyası” adlı konfrans keçirilib.
“Türk-Amerika Assosiasiyaları Şurası”nın dəstəyi ilə Qazaxıstanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş tədbir ABŞ ilə Qazaxıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsinə və Mərkəzi Asiyada yeni meyillərlə əlaqədar iki dövlət arasında əməkdaşlığın yeni sahələrinin axtarışına həsr edilib.
Təhlükəsizliyə dəstək üzrə beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması ilə əlaqədar, təhlükəsizliyə təhdidin təhlili əsas müzakirə mövzularından biri olub. Tədbir iştirakçıları regionun kommersiya və iqtisadi imkanlarını, o cümlədən enerji təchizatı sahəsində əməkdaşlıq və Astanada keçiriləcək beynəlxalq EKSPO-17 yarmarkası ilə bağlı məsələləri müzakirə ediblər. Bu yarmarka enerji təchizatının effektivliyi və iqlim dəyişmələri probleminin həllinə töhfə verə biləcək ekoloji texnologiyalara həsr ediləcək.
Tədbirdə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Qazaxıstanın ABŞ-dakı səfiri Kayrat Umarov, ABŞ-ın müxtəlif ştatlarını təmsil edən konqresmenlər, “Allen Global” şirkətinin prezidenti Cerri Nikols, “Sikorski Aircraft” şirkətinin Mərkəzi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Kristofer DeUit, “Strategic Matters LLP” firmasının prezidenti Alan Spens, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, ABŞ Dövlət katibinin müavini Nişa Bisval, nüvə təhlükəsizliyi üzrə milli administrasiya rəhbərinin müavini Ann Harrinqton, ABŞ-ın keçmiş energetika naziri Daniel Pounmen, ABŞ-Qazaxıstan Biznes Assosiasiyasının prezidenti Uilyam Kortni, Qazaxıstan Respublikasının iqtisadi inteqrasiya naziri Janar Aitjanova, ABŞ Dövlət katibinin müavini Katerin Novelli və başqaları çıxış ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton