VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsi 28-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Cəfər Cavadovdan 4,67 qram həşiş aşkar edərək götürmüşlər.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Süleyman Mehdiyevdən 35,5 qram həşiş, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Natiq Yaqnalıyevdən 0,012 qram, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Ramil Hacıyevdən 0,373 qram heroin, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları Samux rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Əliyevdən 19,38 qram marixuana müsadirə etmişlər.
Xətai Rayon Polis İdarəsi 35-ci bölməsinin əməkdaşları tərəfindən Bahadur Bünyadovun narkotik vasitəni Zığ kənd sakini, əvvəllər məhkum olunmuş Şahmurad Həsənovdan alması müəyyən edilmişdir. S.Həsənov əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, ondan 0,238 qram heroin götürülmüşdür. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanmış S.Tahirovun isə narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Tahirovdan alması müəyyən edilmiş, T.Tahirov tutularkən, ondan 0,245 qram heroin aşkarlanmışdır.
Baş Mühafizə İdarəsinin əməkdaşları Xızı rayon sakini Əlican Ağayevdən 17,22 qram marixuana götürmüş və sonrakı araşdırmalar aparılması üçün onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci bölməsinə təhvil vermişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.