MƏDƏNİYYƏT
Vətənpərvərliyə gedən yol ölkəni tanımaqdan başlayır
Gəncə, 23 avqust (AZƏRTAC, Sabir Əliyev). ”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya gələn Masallı və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət qruplar avqustun 23-də qədim Gəncənin tarixi-mədəniyyət abidələri, turizm obyektləri, görməli yerləri ilə tanışlığa qoşa qala qapıları arxeologiya və etnoqrafiya muzeyindən başladılar.
AZƏRTAC xəbər verir ki, burada şagirdlər muzey haqqında ətraflı məlumatlandırıldılar. Bildirildi ki, muzeydə Gəncənin tarixini əks etdirən çoxlu sayda eksponat nümayiş etdirilir.
Sonra məktəblilər dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Burada şagirdlərə məqbərənin inşasının tarixi, eləcə də dövlətimizin başçısının şairin 870 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq məqbərə ətrafında görülən işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Sərəncama uyğun olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yaradıldıqdan sonra şairin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsinə başlanılıb. Onun dünyanın müxtəlif ölkələrində saxlanılan əlyazmaları şairin vətəninə gətirilərək Heydər Əliyev Fondunun dəstəyi ilə nəfis şəkildə çap etdirilib. Əlyazmaların nümayişi üçün məqbərənin qarşısında Nizami muzeyi inşa olunub.
Məktəblilər həmin muzeydə də oldular, şairin əlyazmalarına, eləcə də həmin dövrün eksponatlarına baxdılar.
Gəncə ilə tanışlıq Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam”da davam etdirildi. Qonaqlar “Çökək hamam” tarixi-memarlıq abidəsində təşkil edilmiş Gəncə rəssamlarının əl işlərindən ibarət sənət əsərlərinə baxdılar.
Sonra Xan bağına gələn şagirdlər burada istirahət edərək əyləndilər. Eyni zamanda, həmyaşıdları ilə söhbət edərək özlərinə çoxlu dost tapdılar.
Yardımlı şəhərindəki 2 nömrəli orta məktəbin X sinif şagirdi Ülvi Kərimov təəssüratlarını AZƏRTAC ilə bölüşərək dedi ki, Gəncəni görmək mənim çoxdankı arzum idi. Xüsusilə xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət edərkən ürəyimdən qəribə hisslər keçdi və qolumda güc-qüvvət hiss etdim. Bu gün işğal altında olan Qarabağımız yadıma düşdü. Doğrudur, o cənnət məkanda olmamışam. Lakin kitablardan, videosüjetlərdən mənə məlumdur ki, Qarabağ ölkəmizin dilbər guşələrindəndir. Biz gənclər inanırıq ki, yaxın vaxtlarda doğma Qarabağımızı ziyarət etməklə bağlı arzumuza çatacağıq.
Avqustun 24-də Masallı və Yardımlı məktəbliləri tur-aksiyanı Şəmkir və Göygöl rayonlarında davam etdirəcəklər.