SİYASƏT
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Vyana, 24 dekabr (AZƏRTAC). Azərbaycanın Avstriyadakı səfirliyi dekabrın 23-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.
Bayram tədbirində Avstriyada yaşayan soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr və səfirliyin əməkdaşları iştirak etmişlər.
Səfir Qalib İsrafilov tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir. 2011-ci ildə Azərbaycanda görülmüş işlərdən, sosial-iqtisadi inkişafdan bəhs edən Q. İsrafilov yola salmaqda olduğumuz ildə də Azərbaycan-Avstriya münasibətlərinin inkişafı üçün önəmli addımların atıldığını, əlaqələrin daha da genişləndiyini diqqətə çatdırmışdır.
Səfir soydaşlarımızı iki ölkə arasında əlaqələrin inkişafı, Avstriyada diaspor fəaliyyətinin gücləndirilməsi və Azərbaycanın Avstriyada daha da yaxından tanıdılması üçün səylərini gücləndirməyə çağırmışdır.
Azərbaycan milli musiqisi ilə müşayiət olunan tədbirdə qonaqlar səfirlik tərəfindən təşkil edilmiş ziyafətə dəvət edilmişlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana