www.tercume.asan.az - onlayn tərcümə saytı fəaliyyət göstərir
Bakı, 14 aprel, AZƏRTAC
www.tercume.asan.az onlayn tərcümə saytı vasitəsilə sənəd və ya mətnlərin tərcüməsini elektron qaydada həyata keçirmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş və ya ölkəmizdə olan əcnəbi şəxs sayt vasitəsilə tərcümə olunacaq məlumatı yükləyib tərcümə ediləcək dili seçir.
Əlaqə vasitəsi olaraq istifadəçinin e-maili əsas götürülür. O cümlədən telefon nömrəsini də qeyd etmək mümkündür. Həmçinin tərcümənin notarial təsdiqinin lazım olub-olmaması və kuryer vasitəsilə çatdırılması üçün seçim imkanları var.
Məlumat tərcümə mərkəzinə daxil olduqda istifadəçiyə bu barədə bildiriş e-maili gəlir. Sonra tərcümə mərkəzinin əməkdaşı tərcümənin qiymətini təyin edir. Seçimə uyğun olaraq qiymətə notarius və kuryer qiymətləri də əlavə olunur. Bütün qiymətlər saytın “Qiymət cədvəli” menyusunda (http://tercume.asan.az/qiymet-cedveli) göstərilib.
Tərcümənin yekun qiyməti istifadəçinin e-mailinə daxil olduqdan sonra o, “ASAN ödəniş” sistemi vasitəsilə ödəməni həyata keçirir. Ödənişdən sonra tərcümə həyata keçirilir.
Hazır sənədlər isə müvafiq olaraq e-mail vasitəsilə göndərilə və kuryer vasitəsilə çatdırıla bilər.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin xüsusi iş rejimindəki fəaliyyəti başa çatdıqdan sonra hazır sənədlərin müvafiq mərkəzlərdən götürülməsi imkanı da təmin ediləcək.