İQTİSADİYYAT
Xaçmazda “Nar dünyası” satış və xidmət mərkəzləri açılmışdır
Bakı, 26 dekabr (AZƏRTAC). “Azerfon” MMC dekabrın 26-da Xaçmaz şəhərində, Nəriman Nərimanov küçəsi, 54A ünvanında “Nar dünyası” satış və xidmət mərkəzlərini istifadəyə vermişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni açılan “Nar dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Mərkəzə gələn abonentin eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, yeni nömrələr əldə etmək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaqdır.
Açılış mərasimində qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlığı və aksessuarları ilə tanış olmuş, yüksək sürətli mobil internet bağlantısından istifadə etmişlər.
Hazırda Bakıda 11 “Nar dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 25 yeni “Nar dünyası” satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edir.