MƏDƏNİYYƏT
Xalq Artisti Sabir Əliyevin xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq Artisti, professor Sabir Əliyevin 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artistləri Rasim Abdullayev, Eldar İsgəndərov, Əməkdar artistlər Aleksey Miltıx, Eyyub Əliyev, Əməkdar Müəllim Kamal Paşazadə və digərləri çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıblar.
Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin ən parlaq simalarından olan S. Əliyev violonçel məktəbinin təməlini qoyan sənətkardır. O, uzun illər Bakı Musiqi Akademiyasında “Simli alətlər” kafedrasının rəhbəri vəzifəsində çalışıb. Onun rəhbərlik kafedrada yüksək, professional səviyyəli musiqiçilər yetişib. Hazırda sənətkarın tələbələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda uğurla fəaliyyət göstərir. S. Əliyev hər zaman akademiyanın professor, müəllim və tələbələrinin yaddaşında yüksək nüfuza malik musiqiçi- müəllim kimi əbədi olaraq yaşayacaq.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərlərinə müraciət olunub.