REGİONLAR
Xalqa bağışlanan ömür
Qax, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir. Bu dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin vəfatının on altıncı ildönümü ilə əlaqədar dekabrın 11-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Xalqa bağışlanan ömür” adlı tədbirdə səsləndirilib.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Son illərdə ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Ümummilli Liderin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir.
Rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın məruzəsində Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulub.
Rayon Polis Şöbəsinin rəisi Vidadi Qurbanov və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan və misilsiz xidmətlərindən ətraflı söz açıblar. Vurğulanıb ki, Ulu Öndərin xalqla bağlı ömrünün əbədiyyətə qovuşduğu andan on altı il keçsə də, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.
Tədbirin sonunda dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.