Xalqımızın dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin bariz nümunəsidir
Bakı, 15 fevral, Ayla Aktar, AZƏRTAC
Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə Azərbaycan Türkiyənin yanında olduğunu bir daha əməli ilə ortaya qoydu, bizim bir millət, iki dövlət olduğumuzu bir daha təsdiqlədi. Zəlzələdən sonra Prezident İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Azərbaycanın əməliyyat-axtarış və humanitar yardım sahəsində lazımi dəstəyi verəcəyini nəzərə çatdırıb və bu istiqamətdə operativ addımlar atılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Türkiyəyə yardım kampaniyasında fəal iştirak etməkdədir. Qardaş ölkənin dövlət rəsmiləri, o cümlədən sadə vətəndaşlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dəstəyini yüksək qiymətləndirir, minnətdarlıqlarını ifadə edirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev deyib.
“Mehriban xanımın fəaliyyəti, sosial media hesabları üzərindən verdiyi açıqlamalar və yardım mesajları bu vəziyyətin kütləvi xarakter almasında ən mühüm addımlardan oldu. Yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını ifadə edir. Mehriban xanım paylaşımlarında hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin nəcib əməlinə yüksək qiymət verdiyini xüsusi vurğulayır.
Mən əminliklə qeyd edə bilərəm ki, xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin və əbədiliyinin ən bariz nümunəsidir.
Mehriban xanım hər daim olduğu kimi bu dəfə də Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını ifadə edir, azərbaycanlı olduğuna görə çox qürurlu olduğunu bəyan edir. Türkiyə-Azərbaycan qardaşlığı tarixin bu ağır sınağından da şərəflə çıxdı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənməsinə növbəti dəfə böyük töhfələr verirlər”, - deyə NAYORA sədri bildirib.