Xarici İşlər Nazirliyində Malayziyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Malayziyanın Azərbaycandakı səfiri Yubazlan bin Yusof ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Malayziya səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyini vurğulayan E.Məmmədov Y.Yusofun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini vurğulayıb, onun peşəkar yanaşma nümayiş etdirdiyini diqqətə çatdırıb.
Nazir müavini iyulun 15-də Kuala-Lumpur şəhərində Azərbaycanın və Malayziyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.
E.Məmmədov Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın hər zaman dəstək verdiyini vurğulayıb. Nazir müavini Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklə bağlı məlumat verib, Ermənistanın bu təxribatının bölgədə sülh quruculuğu səylərinə xələl gətirdiyini söyləyib.
Səfir Y.Yusof Azərbaycana qarşı hərbi təxribat nəticəsində 71 hərbi qulluqçunun həlak olması ilə əlaqədar başsağlığı verərək, yaralananların tezliklə şəfa tapmasını diləyib. O, toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Y.Yusof iki ölkə arasında iqtisadi, humanitar, təhsil və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli gündəliyin bir çox sahələri üzrə əlaqələrin inkişaf etdirilməsi üçün perspektivlərin mövcud olduğunu qeyd edib.
Görüşdə tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sonda nazir müavini E.Məmmədov səfir Y.Yusofa gələcək fəaliyyətində uğurlar arzulayıb.