XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində işgüzar səfərdə olan Azərbaycan respublikasının xarici işlər naziri Vilayət Quliyev aprelin 2-də İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin beynəlxalq terrorizmə qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasında çıxış etmişdir. O, öz çıxışında terrorizmin və təcavüzkar separatizmin müasir dövrdə ölkələrin və xalqların təhlükəsizliyi üçün ciddi qorxu olduğunu bildirmiş, separatçı Dağlıq Qarabağ rejiminin və onu dəstəkləyən Ermənistanın timsalında bu təhlükənin miqyasını konkret misallarla göstərmişdir.
Nazir Vilayət Quliyev dünyanın 50-dən çox ölkəsindən gəlmiş həmkarlarına müraciətlə demişdir: “Ötən ilin 11 sentyabrından sonra dünya beynəlxalq terrorizm haqqında daha ucadan danışmağa başladı. Azərbaycan xalqı isə 1987-ci ildən bu terrorizmin qorxu və dəhşətlərini yaşamaqdadır. Yalnız 1987-1995-ci illərdə Azərbaycana ərazi iddiaları ilə çıxış edən qonşu Ermənistanın xüsusi xidmət orqanları ölkəmizə, onun vətəndaşlarına qarşı çevrilmiş 30-dan çox terror aktı həyata keçirmişlər. Bu terror aktları nəticəsində 2000 nəfərdən çox dinc sakin həlak olmuş, minlərlə adam yaralanmış, külli miqdarda maddi ziyan vurulmuşdur. Terrorizm və vandalizm aktları yalnız insanlara qarşı deyil, həm də islam həyat tərzinə, islam mədəniyyətinə, islam tarixinə qarşı çevrilmişdir. Təsadüfi deyildir ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında 2000-dən çox maddi-mədəniyyət abidəsi dağıdılmış, yox edilmişdir”.
Vilayət Quliyev işğal olunmuş Dağlıq Qarabağın timsalında separatçı rejimlərin beynəlxalq terrorçuluq, narkotik maddələrin qaçaqmalçılığı, silah və insan alveri, çirkli pulların yuyulması üçün münbit şərait yaradıldığını göstərmişdir. O, İKT ölkələrini Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrə hörmətlə yanaşmalarının və bu qətnamələrin yerinə yetirilməsi üçün bundan sonra da səy göstərmələrinin zəruriliyini vurğulamışdır.
Elə həmin gün xarici işlər naziri Vilayət Quliyev İKT-nin Baş katibi Əbdülvahid Bilqazizlə görüşmüşdür. Görüşdə Azərbaycan respublikası ilə İKT arasındakı münasibətlərin daha da dərinləşməsi, cənab Bilqazizin Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Daha sonra nazir Vilayət Quliyevin Sudan və Əlcəzair xarici işlər nazirləri ilə görüşləri keçirilmişdir. Bu görüşlərdə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.