SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Aprelin 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Yunanıstan Respublikasının inkişaf naziri Akis Tsokhatzopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirərək, bu səfərin Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin möhkəmlənməsi və əməkdaşlığın bir çox sahələrdə inkişafı üçün faydalı olacağına ümid etdiyini bildirmişdir.
Daha sonra ölkəmizin xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev respublikamızda iqtisadi islahatların həyata keçirilməsi, neft və energetika sahələrində aparılan işlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən tədbirlər və qaçqınların ağır vəziyyəti barədə qonaqlara məlumat vermişdir.
Yunanıstanın iqtisadi inkişaf naziri Atis Tsokhatzopoulos öz ölkəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin və işguzar əlaqələrin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, energetika, sənaye, ticarət və turizm sahələrində əməkdaşlığın daha da intensiv inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. Yunanıstanlı nazir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu münaqişənin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsinə ümid etdiyini vurğulamışdır.
Nazir Vilayət Quliyev öz növbəsində iki ölkə arasındakı əlaqələrin inkişafı üçün möhkəm qanunvericilik bazasının yaradılmasının zəruriliyini qeyd edərək, parlamentlərarası əlaqələrin daha da inkişafının vacibliyini vurğulamışdır.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.