XƏTAİ RAYONUNDA 9 MAY - QƏLƏBƏ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Xətai rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 63 illiyi münasibətilə mərasim keçirilmişdir.
Rayonda 1110 nəfər əmək və müharibə veteranı yaşayır. Onlardan 300-ə yaxını İkinci dünya müharibəsinin iştirakçısı, qalanları isə arxa cəbhə və əmək veteranlarıdır.
Həzi Aslanov qəsəbəsində keçirilən bayram tədbirində Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov, ictimaiyyətin nümayəndələri veteranları Qələbə günü münasibətilə ürəkdən təbrik etmişlər. Sonra iştirakçılar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov adına parkda Vətənimizin bu cəsur oğlunun büstü önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.
Mərasim iştirakçıları Əhmədli qəsəbəsindəki Veteranlar bağında da olmuş, burada Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anmışlar.
Z.Əkbərov ümummilli lider Heydər Əliyevin veteranlara diqqət və qayğısından danışmış, bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır.
Rayon veteranlar şurasının sədri, 99 yaşlı Məhəmməd Səmədov, müharibə veteranları Seyfi Dadaşov, Sücəddin Mirzəyev və başqaları göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına öz minnətdarlıqlarını bildirmişlər. Onlar müharibə illərində azərbaycanlıların ön və arxa cəbhədəki qəhrəmanlıqlarından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində fəaliyyətlərindən danışmış, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətlə həll olunacağına əminliklərini vurğulamışlar.
Şadlıq sarayında davam etmiş mərasimdə 200 nəfər veterana rayon icra hakimiyyətinin hədiyyələri təqdim edilmiş, bayram süfrəsi açılmış və konsert proqramı təşkil olunmuşdur.