XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN İNKİŞAFINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏVƏZSİZ XİDMƏTLƏRİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Dənizçilərin mədəniyyət evində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) kollektivinin ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş təntənəli yığıncağı keçirilmişdir.
İştirakçılar əvvəlcə ulu öndərin mədəniyyət evinin foyesindəki abidəsi önünə çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Azərbaycanın Dövlət himni səslənmiş, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük dövlət xadimi, nəhəng siyasətçi idi.
Ulu öndərin istər keçmiş SSRİ zamanında, istərsə də müstəqillik əldə etdikdən sonra respublikamıza rəhbərlik etdiyi illəri Azərbaycanın əsl inkişaf dövrü adlandıran rəis, həmin illərdə ölkəmizin iqtisadiyyatının, elminin, mədəniyyətinin, ümumiyyətlə dövlətçiliyinin çox böyük uğurlar qazandığını vurğulamışdır. Qeyd etmişdir ki, ürəyi Vətən məhəbbəti, xalq sevgisi ilə döyünən bu nəhəng dövlət xadiminin hələ 70-80-ci illərdə respublikamızda sənayenin yeni sahələrinin yaradılmasında, fiziki və mənəvi cəhətdən köhnəlmiş müəssisələrin müasirləşdirilməsində, yeni-yeni yaşayış massivlərinin salınmasında misilsiz xidmətləri olmuşdur.
ADXDG rəisi demişdir ki, Azərbaycanın dəniz nəqliyyatı da böyük rəhbərin qayğısı ilə əhatə olunmuş, inkişaf etmişdir. Onun iqtisadi siyasətində gəmiçilik xüsusi yer tutmuşdur. Heydər Əliyev gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilərə xüsusi etimad göstərir, onlara inanırdı. 70-80-ci illərdə Azərbaycana rəhbərlik edərkən iyirmiyə yaxın dənizçini Mərkəzi Komitəyə, Bakı Şəhər Partiya Komitəsinə, xalq nəzarəti komitəsinə məsul vəzifələrə irəli çəkmişdi.
Azərbaycan donanmasının təzələnməsinin yalnız dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbər seçildikdən sonra mümkün olduğu diqqətə çatdırılmışdır. Məlumat verilmişdir ki, həmin illərdə Heydər Əliyevin səyi ilə hövzəyə yük axını çox sürətlə artdı. 1970-1975-ci illərdə 12 min tonluq beş tanker alındı. 1971-1977-ci illərdə isə Xəzər Dəniz Gəmiçiliyi üçün 20 quru yük gəmisi inşa edildi.
A.Bəşirov qeyd etmişdir ki, həmin vaxt tanker donanmasının təzələnməsi böyük bir problemə çevrilmişdi. Respublikanın rəhbəri tanker donanmasının təzələnməsi barədə məsələ qaldırdıqdan və onunla şəxsən məşğul olduqdan sonra tanker donanmasının təzələnməsinə başlandı.
Natiq vurğulamışdır ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə də Xəzərdə gəmiçiliyin inkişafına xüsusi diqqət yetirir, dənizçilərin qayğıları ilə maraqlanırdı. 1984-1986-cı illərdə Yuqoslaviyada tikilən 8 gəmi-bərənin Bakıya gətirilməsi məhz ulu öndərin sayəsində mümkün olmuşdu.
ADXDG-nin 150 illik tarixində ən ağrılı-acılı günlərin ötən əsrin 90-cı illərinin əvvəllərində, daha doğrusu, respublikamız müstəqillik əldə etdiyi ilk illərdə yaşandığı diqqətə çatdırılmışdır. O dövrdə vətəndaş qarşıdurması, erməni təcavüzü, özbaşınalıq, xaos, hakimiyyətsizlik adi hal idi. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bütün millətin, o cümlədən dənizçilərin nigarançılığına son qoydu. Məhz Heydər Əliyev zəkasının qüdrəti ilə Azərbaycanda dövlətçilik bərpa olundu, vətəndaş cəmiyyəti yaradıldı. Gəmiçiliyi dağıtmaq istəyənlərin niyyətləri baş tutmadı. Keçmiş SSRİ-də mövcud olan 16 gəmiçilikdən öz donanmasını qoruyub saxlayan yalnız ADXDG oldu. Bu da məhz Heydər Əliyevin diqqəti sayəsində mümkün oldu. Gəmiçiliyin tarixində yeni mərhələ başlandı. Ölkəmiz 1995-ci ilin mayında dövlət başçısının xeyir-duası ilə Beynəlxalq Dəniz Təşkilatına qəbul edildi.
Diqqətə çatdırılmışdır ki, yalnız ulu öndər Heydər Əliyev işə qarışdıqdan sonra 1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.
Vurğulanmışdır ki, Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. O, xalqımıza Heydər Əliyevin əmanəti olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyini diqqətdə saxlayır, ağır dənizçi əməyinə yüksək qiymət verir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi dövlətin dəstəyi ilə böyük yük axınının öhdəsindən gəlməyə qadirdir.
Qədirbilən dənizçilərin ulu öndər Heydər Əliyevin parlaq ideyalarının gerçəkləşməsində bundan sonra da səylə çalışacaqlarına inam ifadə olunmuşdur.
Tədbir tanınmış incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etmişdir.