Xınalıq haqqında sənədli film çəkilib
Quba, 30 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 30-da Quba “ASAN Həyat” Kompleksinin kinoteatrında Xınalıq haqqında çəkilmiş sənədli film tamaşaçılara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarım saatlıq ekran işində dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən qədim Xınalıq kəndində əhalinin yaşam tərzi, məşğuliyyəti, eyni zamanda, əsrarəngiz təbiət mənzərələri öz əksini tapıb.
ARB televiziyasının yaradıcı heyəti tərəfindən çəkilən filmin əsas məqsədi Xınalıq kəndinin geniş turizm imkanlarını təbliğ etməkdir.
Filmin ideya müəllifi və quruluşçu-operatoru Tacəddin Asifoğlu, rejissor və montajçısı isə Sənan Səfərovdur.
Filmi izləyənlər Qubanın rayon mərkəzindən 65 kilometr məsafədə yerləşən Xınalıq kəndinin açıq səma altında muzey olduğuna şahidlik ediblər.
Xınalıq kəndinin ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruğu elan edilib. Burada ənənəvi həyat tərzi və özünəməxsus memarlıq ənənələri qorunub saxlanılır. Yerli əhali isə dünyanın hər yerindən etnoloq-alimlərin diqqətini cəlb edən özünəməxsus dildə danışır. Turistləri isə Xınalığa cəlb edən yerli əhalinin qonaqpərvərliyi və ulduzlu səma altında dağ mənzərələridir.