İQTİSADİYYAT
Xırda ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxsə 14 faiz vergi tətbiq edilir
Bakı, 8 iyul, AZƏRTAC
Fiziki şəxs xırda ticarət fəaliyyəti ilə məşğul olmaq üçün ilk növbədə, vergi orqanında uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyü təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlidir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, pərakəndə ticarət və ictimai iaşə fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir. Nəzarət-kassa aparatlarının alınması və qiymətləri barədə məlumat almaq üçün aidiyyəti üzrə Servis Texniki Xidmət Mərkəzinə (STXM) müraciət edilə bilər.
Əmlakın sahibi fiziki şəxsdirsə, daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” vergi orqanına təqdim edilməli və tutulmuş vergi həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.
Ticarət fəaliyyəti ilə məşğul olan şəxslər 2020-ci il yanvarın 1-dən bütün respublika ərazisində minimum aylıq əməkhaqqının 50 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.