QAN YADDAŞI
XOCALI QIRĞINININ İŞTİRAKÇILARINDAN BİRİNİN MƏZUNU OLDUĞU BERKLİ UNİVERSİTETİNDƏ FACİƏNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 23 fevral (AZƏRTAC). ABŞ azərbaycanlılarının Xocalı faciəsinin ildönümü ilə bağlı başladığı ictimai kampaniya çərçivəsində Kaliforniyanın Berkli Universitetində tədbir keçirilmişdir.
Azərbaycan-Amerika Şurası, Berkli Universitetinin türkdilli tələbələr təşkilatı və Şimali Kaliforniya Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə universitetin tələbə və müəllimləri, Azərbaycan diasporunun fəalları iştirak etmişlər. Xocalıda dinc əhaliyə qarşı vəhşilikləri törədənlərdən birinin, terrorçu Monte Melkoniyanın məzunu olduğu Berkli Universitetində belə tədbir ikinci ildir keçirilir.
Toplantını giriş nitqi ilə açan Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynov və Türkdilli Tələbələr Assosiasiyasının rəhbəri Ulduz Berencfuruş bildirmişlər ki, ABŞ azərbaycanlılarının başlatdığı ictimai kampaniyanın məqsədi amerikalıların bu faciə barədə məlumatını artırmaq, ölkə ictimayyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərlə yaxından tanış etməkdir. Xocalı qırğınının 17-ci ildönümünə həsr edilmiş tədbirlər ABŞ-ın digər böyük şəhərlərində, o cümlədən Hyuston, Nyu-York, Vaşinqton və Los-Ancelesdə də keçiriləcəkdir.
Cavid Hüseynov demişdir ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fevralın 26-da dünya ictimaiyyətinin Xocalı soyqırmı ilə bağlı məlumatlandırılması kampaniyasının açılışı olacaqdır.
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Şəfəq Akifqızı, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Rəşad Kərimov, Montana Dövlət Universitetinin professoru, tanınmış jurnalist Tomas Qolts, Milli Məclisin deputatları Asim Mollazadə və Həvva Məmmədova çıxış etmişlər.
Şəfəq Akifqızı demişdir ki, faciə törədildiyi vaxt beynəlxalq ictimaiyyətin Azərbaycan barədə məlumatı olduqca az idi. Lakin erməni terrorçularının Xocalıda törətdikləri qırğın o qədər amansız və inanılmaz idi ki, dünyanın ən aparıcı KİV-ləri, o cümlədən “Vaşinqton post”, “Vaşinqton tayms”, “İndependet” qəzetləri, “Nyusuik” jurnalı, BBC telekanalı faciəni xəbər başlıqları arasına çıxararaq, mövzunu bir aydan çox yaxından izləmişdir. Ermənilər Xocalıda törədilənləri inkar etsələr də, xarici jurnalistlər Ağdam şəhərinə üzərində işgəncə izləri olan yüzlərlə meyitin gətirildiyini, Azərbaycan tərəfinin cəsədləri toplamağa çalışan qırmızı xaç işarəli vertolyotlarına ermənilərin atəş açdığı barədə yazırdı.
Xocalı faciəsi ətraflı araşdırılmalı, onun insan hüquqları, beynəlxalq hüquq baxımından nə qədər amansız olmasına düzgün qiymət verilməlidir.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Rəşad Kərimov Xocalı faciəsinin müharibə cinayəti olduğunu vurğulamışdır. Bildirmişdir ki, dünyada baş verən bütün etnik təmizləmə əməliyyatları sübut edir ki, silahlı münaqişələr zamanı mülki vətəndaşların hədəf seçilməsi hərbi strategiya baxımından qələbə gətirmir. Bu cür müharibə cinayətlərinin, o cümlədən Xocalı qırğının günahkarları ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Xocalı qırğını haqqında həqiqətləri dünyaya çatdıran ilk xarici jurnalist Tomas Qolts demişdir ki, hər ildönümü ərəfəsində faciənin qurbanlarının xatirəsinə ehtiram, habelə məsuliyyət hissi onu müxtəlif auditoriyalarda çıxış edərək Xocalı həqiqətlərini bir daha söyləməyə məcbur edir. T.Qolts hesab edir ki, illər ötdükcə ermənilərin baş verənlərə münasibətində də dəyişiklik hiss olunur. Əgər ilk mərhələdə onlar hər şeyi danırdılarsa, son vaxtlar bəziləri Xocalıda törədilənlərdə erməni hərbi qüvvələrinin rolu olduğunu etiraf edir və bunu münaqişə həqiqətlərindən irəli gələn zərurət kimi izah edirlər.
Tomas Qolts da bildirmişdir ki, Xocalı faciəsi hərtərəfli araşdırılmalı və dünya ictimayyətinə daha geniş şəkildə çatdırılmalıdır.
Milli Məclisin deputatı Asim Mollazadə vurğulamışdır ki, Xocalı faciəsi təkcə azərbaycanlılara yox, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qəbul edilməlidir. Azərbaycan xalqının günahkarların ədalət məhkəməsi qarşısında durmasını tələb etməsi qisas deyil, bu, beynəlxalq hüququn bərqərar olması baxımından vacibdir. Ermənilər də başa düşməlidirlər ki, 1992-ci ildə günahsız azərbaycanlılara qarşı tuşlanan silah, sabah erməni xalqına da tuşlana bilər. Bəlkə 2008-ci ilin martında Yerevanda dinc əhaliyə atəş açanlar arasında Xocalı soyqırımını törədənlər də var idi?..
Sonra deputat Həvva Məmmədovanın müəllifi olduğu və Xocalı soyqırımının qurbanları haqqında ingilis dilində çap olunmuş kitabın təqdimatı keçirilmişdir. Kitab 1992-ci ildən bəri aparılan tədqiqatlar, hadisələrin canlı şahidi olmuş və əsirlikdən azad edilmiş xocalılılarla müsahibələr əsasında yazılmışdır.
Həvva xanım vurğulamışdır ki, Xocalı ermənilər tərəfindən üç dəfə - 1905-07-ci, 1918-20-ci və 1992-ci ildə yerlə-yeksan edilmişdir. Lakin əvvəllər olduğu kimi, bu dəfə də xocalılılar evlərinə dönəcək, yurd-yuvalarını bərpa edəcəklər. Milli Məclisin deputatı Azərbaycana dost olan ölkə kimi ABŞ-ı bu tarixi vəhşiliyə göz yummamağa, soyqırıma düzgün siyasi qiymət verməyə çağırmışdır.
Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədli film və Şəfəq Akifqızının 1999-cu ildə CNN ilə yayımlanmış telereportajı nümayiş etdirilmişdir.
Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, sonda tələbələri maraqlandıran suallara cavab verilmişdir.
######