CƏMİYYƏT
Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Suraxanı Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirmişdir.
FHN-dən AZƏRTAC-a bilirmişlər ki, müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov cari ilin 11 ayı ərzində rayonda görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayonun cari ilin payız-qış mövsümünə hazırlığı barədə videomaterial nümayiş olunmuşdur.
Mərkəzin rəisinin müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən və xüsusilə, payız-qış mövsümündə baş verən yanğın-partlayış hadisələrindən bəhs etmiş, bu hallarla mübarizə yollarından danışmışdır. Bundan əlavə, dəm qazından zəhərlənmə halları və onların qarşısının alınmasında maarifləndirmə işinin zəruriliyi qeyd olunmuşdur.
Müşavirədə “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları” mövzularında mühazirələr tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Müşavirənin gedişində FHN haqqında və yanğın təhlükəsizliyi ilə bağlı videomateriallar nümayiş olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin, müvafiq rayon idarə və təşkilatların, təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.