YAP BALAKƏN RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gəlmiş, ulu öndərin abidəsini ziyarət etmişlər.
Konfransın gündəliyinə iki məsələ- təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti və partiyanın IV qurultayına nümayəndələrin seçilməsi ilə bağlı məsələlər daxil edilmişdir.
YAP Balakən təşkilatının sədri Akif Uluxanovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilmiş, partiyanın III Qurultayının qərarlarının yerinə yetirilməsi sahəsində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılmışdır. 2008-ci ilin ölkəmiz və Yeni Azərbaycan Partiyası üçün tarixi və əlamətdar hadisələrlə zəngin olduğunu qeyd edən təşkilat sədri mayda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileylərinin, habelə iyunda milli qurtuluşumuzun 15 illiyinin böyük təntənələrlə qeyd edildiyini bildirmişdir. Payızda keçiriləcək prezident seçkilərinin xalqın monolit birliyini, ümummilli liderimiz Heydər Əliyevə, dövlətçiliyimizə olan sarsılmaz sədaqət və inamını əyani şəkildə nümayiş etdirəcəyini vurğulayan məruzəçi demişdir ki, xalqımız bu seçkilərdə də düzgün seçim edərək, ulu öndərin siyasi kursuna, onun layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir.
Seçkilərə hazırlıqla bağlı YAP rayon təşkilatında görülmüş işlər barədə məlumat verən təşkilat sədri, ötən müddət ərzində ərazi ilk təşkilatlarının sayının artaraq, 55-dən 64-ə, üzvlərin sayının 3 min nəfərə çatdığını bildirmişdir.
Konfransda Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər natiqlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu qeyd etmiş, cari ilin payızında keçiriləcək növbəti prezident seçkilərində partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışmışlar.
Konfransın işində Milli Məclisin deputatları Dünyamin Xəlilov, Hikmət Atayev, YAP Mərkəzi Aparatının təlimatçısı Qalib Əsgərov iştirak etmişlər.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının IV Qurultayına rayon təşkilatından 5 nəfər nümayəndə seçilmişdir.