CƏMİYYƏT
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda birgə tədbir keçiriblər.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun ərazisində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi təşkilatları arasında aparıcı partiya olduğunu qeyd edib. Bildirib ki, partiyanın əldə etdiyi uğurlarda YAP Nizami rayon təşkilatının da payı var. O deyib: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaradılıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər insan birləşib”.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. YAP qısa müddət ərzində xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur kimi avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün və gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva isə dövlət müstəqilliyimizin, partiya maraqlarının qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıb.
Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.
Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olunub, bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında iştirakına görə fəxri fərmanla və mükafatlarla təltif edilib.