YAP MƏRKƏZİ APARATI ŞƏKİDƏ “HEYDƏR ƏLİYEV YOLU ƏBƏDİDİR” MÖVZUSUNDA KONFRANS KEÇİRMİŞDİR
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə aprelin 23-də Şəkidə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı “Heydər Əliyev yolu əbədidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə YAP Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon təşkilatlarının nümayəndələri, habelə Milli Məclisin deputatları, YAP Mərkəzi Aparatının məsul işçiləri, şəhər rəhbərliyi və partiya fəalları iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında keçirilən tədbiri giriş sözü ilə YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq müstəqil Azərbaycan dövlətinin, onun zəngin mədəni irsə və sivil intellektual potensiala malik olan xalqının çağdaş tarixinin 35 ilə yaxın bir dövrünün ümummilli liderimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirmiş, ulu öndərin 85 illik yubileyinin böyük təntənələrlə qeyd olunmasını ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Sonra ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransda YAP Şəki rayon təşkilatı Qadınlar Birliyinin sədri Zərinə Cavadovanın “Heydər Əliyev yolu əbədidir” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, bu günlərdə Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində ensiklopedik zəka, intellekt, fenomenal ağıl, mənəvi güc və qüdrət sahibi olan ümummilli liderimiz Heydər Əliyevin yubileyi böyük sevgi və hörmətlə qeyd olunur. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş bir dünyadır. O, XX əsrdə öz ölkəsinə, o cümlədən bütün yer üzündə sülh və inkişafa böyük töhfələr verən görkəmli tarixi şəxsiyyətdir. Bu böyük tarixi şəxsiyyətin adı və əməlləri xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
YAP Balakən rayon təşkilatının sədri Akif Uluxanovun “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, partiyanın Qax rayon təşkilatının sədri Nizami Əhmədovun “Heydər Əliyev və Azərbaycan təhsili”, Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmovun “Heydər Əliyev və azərbaycançılıq”, YAP Qəbələ rayon təşkilatı aparatının rəhbəri Elçin Tağıyevin “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı Qəbələ rayonunun timsalında” mövzularında çıxışlarında ümummilli liderimizin Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına verdiyi töhfələrdən geniş bəhs edilmişdir.
Konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, Milli Məclisin deputatı Məclum Şükürov, AMEA Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmış, onun çoxsahəli fəaliyyətinin ən önəmli və yaddaqalan məqamlarına toxunmuşlar.
Çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, qədirbilən Azərbaycan xalqı cari ilin payızında keçiriləcək növbəti prezident seçkilərində də ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ulu öndərin ideya və arzularını layiqincə həyata keçirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcək və ona səs verəcəklər.
######
