REGİONLAR
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
Xaçmaz, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı fəaliyyətində qarşıya qoyulan məsələlərin həlli, partiya sıralarında gənclərin sayının artırılması istiqamətində səylə çalışır. 2019-cu ildə rayonda partiya sıralarına 200 nəfərdən çox üzv qəbul olunub. Ümumilikdə, YAP Xaçmaz rayon təşkilatının tərkibindəki 9 minə yaxın partiya üzvündən 3 min 500 nəfəri gəncdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibətilə Xaçmazdakı Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda məlumat verilib.
Konfransda YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı Eldəniz Səlimov və başqaları çıxış edərək Azərbaycanın lider partiyasının yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevrilib.
Tədbirdə YAP-ın 27 illik fəaliyyəti dövründə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal siyasi rol oynadığı diqqətə çatdırılıb.
Konfransın sonunda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.