SİYASƏT
YAP yarandığı gündən milli birliyin və vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olmuşdur
![YAP yarandığı gündən milli birliyin və vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olmuşdur](/files/2013/3/1200x630/14071451496043142915_1200x630.jpg)
Qax, 22 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə partiyanın Qax rayon təşkilatında yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncağı rayon təşkilatının sədri Nizami Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yola bir daha nəzər salmış, öz ətrafında sadə insanları, ziyalıları, ağsaqqal və gəncləri birləşdirən iqtidar partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı fəal mövqeyi və rolu barədə danışmışdır.
Yığıncaqda YAP rayon təşkilatı Aparatının rəhbəri Natiq Allahverdiyevin “Xalqın etimadını doğruldan partiya” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran mütəşəkkil siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının iyirmi birinci ildönümü bu günlər ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur. YAP-ın cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın ildönümü təkcə partiyanın çoxsaylı üzvləri üçün deyil, Azərbaycanın hər bir sağlam düşüncəli vətəndaşı üçün də son dərəcə əlamətdardır.
Natiq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə alan YAP 21 illik zaman kəsiyində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son 21 ildə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Ötən illərin reallıqları Yeni Azərbaycan Partiyasının kifayət qədər mürəkkəb və çətin şəraitdə, tarixi zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.
Qeyd olunmuşdur ki, YAP bu gün cəmiyyətdə çox böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir. YAP-ın 21 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi təkzibolunmaz həqiqətdir. İqtidar partiyasına İlham Əliyev kimi güclü siyasi liderin rəhbərlik etməsi partiyanın nəinki ölkə daxilində, eləcə də respublikadan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin etmişdir.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, partiya veteranı Əbdürəhman Aşurov və digər partiya üzvləri çıxış edərək YAP-ın ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı və qurucusu Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, Ulu Öndərin siyasi xəttinin hazırda iqtidar partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Çıxışlarda vurğulanmışdır ki, bu il oktyabrın 9-da keçirilən prezident seçkilərində səslərin 84,5 faizini toplayan Prezident İlham Əliyevin qələbəsi, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə bu seçkiyə qatılmaqla ölkəmizin gələcəyinə, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna və bu kursun layiqli davamçısı İlham Əliyevə səs verməklə bir daha müstəqilliyimizin əbədiliyinə səs vermiş oldular.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim edilmişdir.