SİYASƏT
YAPONİYA HÖKUMƏTİ İRAQIN BƏRPASINA BİR NEÇƏ MİLYARD DOLLAR AYIRMAQ NİYYƏTİNDƏDİR
Bu məlumat Yaponiyanın rəsmi mənbələrindən alınmışdır. Eyni zamanda bildirilmişdir ki, yardımın konkret məbləği İraqın bərpası problemlərinə dair oktyabrın axırlarında Madriddə keçiriləcək beynəlxalq konfransda açıqlanacaqdır.
Yaponiyanın baş naziri Koidzumi demişdir ki, Tokionun yardımı barədə konkret məsələ ölkənin nümayəndə heyətinin İraqa səfərindən sonra həll ediləcəkdir. Gözlənildiyinə görə, nümayəndə heyəti İraqa bir neçə gündən sonra gedəcəkdir.
Yaponiya parlamenti özünümüdafiə qüvvələri bölmələrinin İraqda qeyri-döyüş funksiyalarını yerinə yetirmək üçün oraya göndərilməsinə icazə verilməsi haqqında hələ iyulda qanun qəbul etmişdi. Lakin onların yola salınması ləngidilir, çünki ehtiyat edilir ki, İraqda ABŞ və onun müttəfiqlərinin hərbi qulluqçularına qarşı tez-tez təxribatlar törədildiyi şəraitdə Yaponiya nümayəndələri arasında da tələfat ola bilər.