Yaponiyada uşaqlara fiziki cəza verilməsini qadağan edən qanuna düzəliş qəbul edilib
Tokio, 19 iyun, AZƏRTAC
Yaponiya parlamenti uşaqları incitmək və onlara qarşı fiziki cəza tətbiq etmək barədə qanuna düzəlişi qəbul edib.
AZƏRTAC xəbər verir ki, qanunun qəbuluna həsr olunan iclas telekanallarda birbaşa yayımlanıb. Qeyd edək ki, qanuna düzəlişə ehtiyac cari ilin əvvəllərində məktəbli qızın vəhşicəsinə öldürülməsindən sonra yaranıb. Ananın susqun razılığı ilə uşağı fiziki təzyiqlərə məruz qoyan ata bunu “tərbiyə məqsədilə” etdiyini bildirib.
Yaponiyada cari ilin əvvəllərində valideynləri tərəfindən əzab verilən 10 yaşlı Mia Kuriharanın əhvalatı bütün cəmiyyəti silkələyib. Yanvarın sonlarında atası tərəfindən çoxsaylı döyülmələrə məruz qalan Mia ölü halda yaşadığı evin vanna otağında aşkar edilib. İstintaq zamanı məlum olub ki, məktəb üçün tərtib etdiyi anketdə balaca qız atası tərəfindən daim fiziki təzyiqlərə məruz qaldığını yazıb. Anket kömək üçün müəllimə müraciətlə başa çatıb: “Müəllim, siz bununla bağlı nə isə edə bilrəsinizmi?” Uşağın müdafiəsinə qalxmalı olan himayə orqanları isə vəzifələrini pozaraq, həmin anketi qızın atasına veriblər.
Yanvarda məktəbdən himayə orqanına göndərilən məlumatda Mianın ilin əvvəlindən dərslərə gəlmədiyi əksini tapıb. Uşağın anası istintaqa verdiyi ifadəsində atasının onu hər gün döydüyünü, saatlarla ayaq üstə saxladığını, oturmaq istədikdə isə yenidən döydüyünü, gecələr yatmağa qoymadığını, üzərinə soyuq su atdığını bildirib. Qızın bədənindəki göyərtilərin ətrafdakıların diqqətini cəlb edəcəyindən ehtiyat edən atası onu küçəyə və məktəbə buraxmayıb. Mianın dərslərini buraxması barədə məlumatdan iki gün sonra növbəti dəfə üzərinə soyuq su atılan qız ölüb. Patoloq anatomların bildirdiyinə görə, ölümündən iki gün əvvəl uşaq heç nə yeməyib.
Eyni zamanda, ötən il himayə orqanlarının evdə fiziki təzyiqlər bərədə ciddi şübhələrə görə qızı qəbul etdiyi də bildirilir. Lakin o, sonradan heç bir əsas göstərilmədən evlərinə buraxılıb.
Qanunun gələn il aprelin 1-də qüvvəyə minəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio