Yaponiyanın Baş naziri yeni İmperatorun hakimiyyət dövrünün adını şərh edib
Tokio, 1 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe yeni İmperatorun hakimiyyət dövrünün adını şərh edib.
AZƏRTAC xəbər verir ki, yeni İmperatorun hakimiyyət dövrünün “Reiva” adlandırılmasını şərh edən Baş nazir deyib: “Biz tam ümidlə və sülhün bərqərar olduğu günlərə minnətdarlıq ifadə edərək, bütün xalqımızla birlikdə yeni dövrün başlaması ilə bağlı qəti qərarımızı təsdiq etdik”.
Ş.Abe əlavə edib ki, hökumət yeni dövrü “Reiva” adlandırmaqla, mədəniyyətin inkişafı üçün “insanların gözəl ürəklərinin birləşməsi”nin əhəmiyyətini vurğulamağa çalışıb.
Baş nazir, həmçinin ümid etdiyini bildirib ki, bu ad “yapon xalqı tərəfindən tam qəbul ediləcək və kök atacaq”. Bununla yanaşı, “Reiva” sözünün tam mənası konkret şəkildə səslənməyib.
Xatırladaq ki, aprelin 1-də Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Yaponiyanın yeni İmperatorunun hakimiyyət dövrünün adını elan edib. “Reiva” adlanacaq yeni dövr şərti olaraq “sülhün inkişafı” kimi də tərcümə edilə bilər. Yeni dövrün adının yarandığı sözlərin hərfi mənası isə “kimisə nəyəsə çağıran əmr” və ya “sülh və harmoniya” kimi səslənir.
Bununla yanaşı, Baş nazir bildirib ki, yeni dövrün adının mənası konkret hərflərdə yox, onların götürüldüyü şeirdə axtarılmalıdır. Məsələ burasındadır ki, “Reiva” sözü qədim yapon antologiyası “Manyoşyü” dən götürülən sözlərdən yaranıb. Həmin əsərdə “Rei” heroqlifi “reiqotsu” sözündən götürülüb ki, bu da “nəyi isə başlamaq üçün yaxşı ay”, “va” heroqlifi isə “yavaraqi” sözündən götürülüb. Bu da “külək sakitləşir” mənasını verir.
Xatırladaq ki, Yaponiyada hazırda davam edən dövr Heysey - sülhün bərqərar olması dövrü adlanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio