DÜNYA
Yaponiyanın İmperator cütlüyü “Hagibis” tufanının zərər vurduğu rayonlara səfər edib
![Yaponiyanın İmperator cütlüyü “Hagibis” tufanının zərər vurduğu rayonlara səfər edib](/files/2019/3/1200x630/15773578955495938370_1200x630.jpg)
Tokio, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Yaponiya İmperatoru Naruhito və İmperatriçə Masako “Hagibis” tufanının zərər vurduğu Miyaqi və Fukuşima prefekturalarına səfər ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, İmperator cütlüyünün xüsusi təyyarəsini Miyaqi prefekturasının qubernatoru Yoşihiro Muray və digər rəsmi şəxslər qarşılayıblar.
İmperator Naruhitoya və İmperatriçə Masakoya tufanın vurduğu zərər barədə ətraflı məlumat verilib.
Günün ikinci yarısında İmperator cütlüyü özünümüdafiə qüvvələrinin helikopteri ilə həmin prefekturanın Marumori şəhərinə, sonra oradan Fukuşima prefekturasının Motomiya şəhərinə səfər edib.
Tufanın zərər vurduğu bu şəhərlərdə yerli sakinlərlə görüşən İmperator cütlüyü onların yaşayış şəraiti ilə maraqlanaraq təsəlli verib. Həmçinin cütlük məsul şəxslərin təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə məlumatını dinləyib.
Qeyd edək ki, bu, İmperator cütlüyünün cari ilin mayında taxta çıxmasından sonra zərərçəkmiş rayonlara ilk səfəridir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio