DÜNYA
Yaponiyanın sabiq baş naziri ittihamları rədd edir
Tokio, 15 avqust (AZƏRTAC). Yaponiyanın sabiq Baş naziri Naoto Kan 2011-cilin martında Fukusima prefekturasında nüvə böhranı zamanı hökumətin hərəkətlərində cinayət məsuliyyətinin olması barədə ittihamları rədd etmişdir.
N.Kan Tokioda prokurorlara təqdim etdiyi ərizəsində, “Fukusima-1” AES-də qəza zamanı hökumətin laqeydlik nümayiş etdirməsi barədə ittihamları inkar etmişdir.
Xəbər verildiyi kimi, Fukusima prefekturasının sakinlərindən və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında, prokurorluq orqanları bir ildən çoxdur ki, tədqiqat işi aparırlar.
Şikayətçilər N.Kanı vəzifəsinin icrası zamanı qeyri-peşəkarlıq nümayiş etdirməkdə və bunun AES-də çalışan işçilərin yaralanması və yerli əhalinin radiasiya şüalanmasına məruz qalması ilə nəticələnməsində təqsirli bilirlər.
AES-in bir nömrəli reaktorunda 2011-ci il martın 12-də baş vermiş hidrogen partlayışı zamanı bir neçə işçi ciddi xəsarət almışdı.
Prokurorluğun məsələ ilə bağlı gələn ay qərar qəbul edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio