DÜNYA
“YAQUAR” DÜNYANIN ƏN GÜCLÜ KOMPYUTERİ HESAB OLUNUR
Bakı, 1 iyun (AZƏRTAC). ABŞ-ın Tennesi ştatında Oak-Ric milli laboratoriyasında istifadə olunan “Yaquar” hesablama maşını hazırda dünyada ən güclü kompyuter hesab olunur. ABŞ-ın bu texniki möcüzəsi amerikalı və avropalı alimlərin 2010-cu ilin birinci yarısının yekunlarına görə tərtib etdikləri planetin 500 ən sürətli superkompyuteri siyahısına rəhbərlik edir.
Kompyuter qeyri-adi xüsusiyyətlərinə görə bu reytinqi əldə etmişdir. Onun məhsuldarlıq əmsalı 1,75 petaflops təşkil edir. 1 petaflops təxminən saniyədə 1000 trilyon əməliyyata bərabərdir. Bu kompyuterdən astrofizika, nüvə enegentikasında istifadə olunur.
“Yaquar”ın ardınca Çinin Şençjen şəhərində yerləşən “Nebulae” superkompyuteri gəlir. Onun məhsuldarlığı 1,27 petaflops təşkil edir. Hesablama maşınını Çin şirkəti istehsal etsə də, onun prosessoru ABŞ-da hazırlanmışdır.
Dünya ölkələri arasında superkompyuterlərin miqdarına görə ABŞ birinci yerdə gəlir. Dünyanın 500 ən güclü kompyuterinin 282-si (55 faizi) bu ölkənin payına düşür. İkinci yerdə 24 kompyuterlə Çin gəlir.