ELM VƏ TƏHSİL
Yardımlıda bu il qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir
Yardımlı, 14 sentyabr (AZƏRTAC). Yardımlı Rayon İcra Hakimiyyətində bu il qəbul imtahanlarında yüksək bal toplamış tələbə-gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, mərkəzdə ümummilli Liderin mənalı ömür yolunu əks etdirən eksponatlarla yaxından tanış olmuşlar.
Tədbirdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulamış, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, 2013-cü ildə Yardımlı rayonundan ali məktəblərə sənəd vermiş 269 abituriyent tələbə adını qazanmışdır. Onlardan 155 nəfəri ali, 114 nəfəri isə orta-ixtisas məktəblərinə qəbul olunmuşdur.
Tələbə adını qazanan gənclərdən 5 nəfəri 600-dən, 10 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə noutbuklar, pul mükafatı, qiymətli hədiyyələr verilmişdir.