YAZIÇI PETER HANDKE HEYNE MÜKAFATINDAN İMTİNA ETMİŞDİR
Yazıçının Düsseldorf meri Yoahim Ervinə ünvanladığı məktubda deyilir: “Mən sizi və bütün dünyanı Şəhər şurasının qarşıdan gələn iclasından qurtarmaq məqsədi ilə müraciət edirəm. Çünki burada mənə mükafatı təqdim etməmək qərara alınacaqdır... Bir də istəyirəm ki, kitablarıma hörmətlə yanaşılsın: onlar siyasətçilərin bayağı hücumları üçün əbədi hədəfə çevrilməməlidir”.
Məsələ bundadır ki, Heyne mükafatının verilməsi haqqında son qərarı Düsseldorf Şəhər şurası qəbul edir, çünki bu məqsədlə vəsait (50 min avro) məhz şəhər büdcəsindən ayrılır.
“11 metrlik cərimə zərbəsi qarşısında qapıçının qorxusu” əsərinin, digər roman və pyeslərin müəllifi Handkenin Heyne mükafatına namizədliyi bu ilin mayında yazıçı və tənqidçilərdən ibarət münsüflər heyəti tərəfindən irəli sürülmüşdür. Münsiflər heyətinin qərarı Almaniyada narazılıq doğurmuşdur, çünki çoxları serbpərəst yazıçıya mükafatın verilməsini ümumavropa dəyərlərinə təhdid saymışlar.