SİYASƏT
Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi üçün imzatoplama işlərini yekunlaşdırmışdır
Bakı, 16 avqust (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla və yüksək fəallıqla başa çatdırmışdır.
AZƏRTAC partiyanın saytına istinadla xəbər verir ki, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın seçki qərargahına təqdim edilmişdir. Hazırda toplanmış imzaların Mərkəzi Seçki Komissiyasına təqdim olunması üçün müvafiq hazırlıq işləri həyata keçirilir. İmza vərəqələri müvafiq hazırlıq işləri başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəkdir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə görə, namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları ən tezi səsverməyə 50 gün galmış - avqust ayının 20-dən tez olmamaq şərti ilə MSK-ya təqdim edilməlidir).
YAP-ın həyata keçirdiyi möhtəşəm imzatoplama kampaniyasında 1000 nəfərə yaxın partiya fəalı iştirak etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin müdafiəsi üçün seçicilər məmnuniyyətlə imza vermək istədiklərini bildirmiş və öz imzaları ilə bunu təsdiq etmişlər. Ümumiyyətlə, imzatoplama kampaniyası vətəndaşların yüksək fəallığı şəraitində keçirilmişdir.
İmzatoplama kampaniyasının gedişi YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevin və onun siyasətinin seçicilər tərəfindən birmənalı müdafiə olunduğunu bir daha təsdiq etmişdir.