SİYASƏT
Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilmişdir
![Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilmişdir](/files/2013/3/1200x630/14071450616168637304_1200x630.jpg)
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə partiyanın üzvü olan fəal gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə tələbələr, elm, təhsil mədəniyyət və digər sahələrdə çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclər iştirak etmişlər.
YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində gördüyü böyük işlərdən danışmışdır. O demişdir ki, Ulu Öndərin əsasını qoyduğu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
M.İsmayılov bildirmişdir ki, Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur. Məhz bunun nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş seçkilərdə xalqımız bir daha İlham Əliyevə yüksək etimad göstərərək onu yenidən Prezident seçmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial yönümlü tədbirlərin həyata keçirilməsi sayəsində Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda əldə edilmiş nailiyyətlər barədə məlumat vermişdir. X.Bayramova Azərbaycan Prezidentinin gənclərə diqqət və qayğısından da danışmışdır. O, bildirmişdir ki, məhz bu qayğının nəticəsi olaraq bu gün bir çox gənclərimiz dövlət hesabına xaricdə təhsil alırlar. Ölkədə gənclərlə bağlı qəbul olunan proqramlar onların cəmiyyətdə öz layiqli yer tutmalarına kömək edir. İcra hakimiyyəti başçısının müavini, həmçinin demişdir ki, hər il Azərbaycanda minlərlə yeni iş yeri yaradılır, gənclərin müxtəlif peşə və ixtisaslara yiyələnmələri üçün tədbirlər görülür.
X.Bayramova diqqətə çatdırmışdır ki, ölkəmizdə gedən proseslərdə Səbail rayonundan olan gənclər də hər zaman ön sıralarda olmuşlar.
YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Fərəcov Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması ilə əlaqədar gəncləri təbrik etmişdir. O, gənclərimizin hər zaman dövlətimizin başçısının siyasətini yekdilliklə dəstəkləyəcəklərini bildirmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.