YENİ BUXAR-QAZ QURĞUSUNDA SINAQ İŞLƏRİ BAŞLANMIŞDIR
“Azərenerji” ASC-nin İctimaiyyət və Mətbuatla Əlaqə Xidmətinin verdiyi məlumata görə, Yaponiyanın “Mitsui” şirkətinin iştirakı ilə “Şimal” DRES-də tikilən yeni buxar-qaz qurğusunda sınaq işlərinə başlanmışdır. Sınaq işlərinin ilk mərhələsi qurğunun quraşdırılması zamanı yarana biləcək çatışmazlıqların aşkar edilməsi, onların aradan qaldırılması və quraşdırma işlərinin aparılmasına yönəldilmişdir.
DRES-in direktoru Saleh Məmmədov bildirmişdir ki, iki həftə çəkəcək sınaq işləri müddətində bütün rejimlərdə, habelə ekstremal hallarda bu və ya digər mexanizmlər, aqreqatlar və qurğuların fəaliyyətini yoxlamaq məqsədi ilə blok müxtəlif dərəcədə (minimumdan maksimuma qədər) yüklənəcəkdir. Stansiyanın ehtiyatını mərhələ ilə 20 faizdən başlayaraq 25 faizə, 50 faizə, 75 faizə, nəhayət 100 faizə qədər artırmaq nəzərdə tutulmuşdur. Stansiya tam yüklənmə rejimində cəmi bir saat işləyəcək, bu isə əsas göstəricilərin müəyyən edilməsi üçün kifayətdir. Sınaq zamanı hasil edilən elektrik enerjisi yüksək gərginlikli elektrik xəttləri vasitəsilə respublikanın enerji sisteminə veriləcək ki, bu da həmin xətlərin etibarlılığını yoxlamağa imkan yaradacaqdır.
İlk sınaq zamanı nasazlıqlar aşkar edilərsə, onlar bir neçə gün ərzində aradan qaldırılacaq və qurğu noyabrın əvvəllərinə nəzərdə tutulmuş növbəti sınaq və sazlama işlərinin keçirilməsinə hazırlaşdırılacaqdır.
400 MVt gücündə yeni buxar-qaz qurğusunun istismarı 2002-ci il noyabrın axırlarında nəzərdə tutulmuşdur. Onun istismara verilməsi Abşeron yarmadasının elektrik enerjisi ilə etibarlı təminatını asanlaşdıracaq, Azərbaycan DRES-də yaranacaq “artıq” enerji hesabına respublikanın digər regionlarında enerji təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaqdır.