ELM VƏ TƏHSİL
Yeni dərs ilində Şamaxıda daha dörd orta məktəb binası istifadəyə veriləcəkdir
Şamaxı, 17 avqust (AZƏRTAC). Şamaxı rayonunda ümumtəhsil məktəblərinin 2013/2014-cü dərs ilinə hazırlığı sürətlə davam etdirilir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qarşıdakı dərs ilində rayonda 51 tam orta, 17 ümumi orta və 4 ibtidai məktəb fəaliyyət göstərəcəkdir. Yeni dərs ilində Muğanlı, Hacılı, Böyük Xınışlı və II Çaylı kənd məktəbliləri üçün yeni binalar öz qapılarını məktəblilərin üzünə açacaqdır.
Şamaxı şəhər 6 saylı, Bağırlı-Dağ, Zarat Xeybəri kənd tam orta məktəblərində, uşaq gənclər yaradıcılıq mərkəzində aparılan əsaslı təmir işləri də yeni dərs ilinədək başa çatdırılacaqdır. Cabanı kənd orta məktəbi üçün tikilən 80 yerlik yeni bina isə ilin sonunadək istifadəyə veriləcəkdir.
Digər ümumtəhsil məktəblərinin cari təmiri, lazımi inventar və avadanlıqla təmin olunması məqsədilə tədbirlər davam etdirilir.