DÜNYA
YENİ KOMPYUTER TOMOQRAFİYASI ÜSULU İKİ DƏFƏ TƏHLÜKƏSİZ VƏ SÜRƏTLİDİR
Bakı, 12 iyun (AZƏRTAC). Alimlər orqanın təsvirini ani almağa, beynin qan dövranını izləməyə və şüanın ziyanının təsirini azaltmağa imkan verən kompyuter tomoqrafiyası (KT) skanerlərinin yeni nəslini yaratmışlar.
Real vaxt rejimində orqanın üçölçülü təsvirini yaradan dinamik və həcmli KT infarktın diaqnozunun sürətlə müəyyən edilməsi üçün əla üsuldur, çünki bu halda sürət insanın salamat qalmasının əsas meyarına çevrilir.
KT-də şüalanma dozası uzun illər mübahisə mövzusu olmuşdur. Yeni üsul həmin dozanı 50-80 faiz azaldır. Hazırda 32 və 54 kəsikli maşınlardan istifadə olunur. Yeni aparat isə cəmi bir kəsikdən istifadə sayəsində diaqnostikanın müddətini xeyli azaldır. Burada 320 sayğac tətbiq olunur ki, bu da təsvirin alınması müddətini 15 saniyədən saniyənin üçdəbir hissəsinə qədər azaldır.
Bundan sonra ürəyin diaqnozunu tam təyin etmək üçün həkimlərə 20 dəqiqə vaxt tələb olunacaqdır. İndiyədək infarktı təsdiq etmək üçün elektrokardioqram, antioqrafiya və hətta katerizasiyadan istifadə olunurdu.