DÜNYA
Yeni Petaflops istehsal gücünə malik superkompyuter
Bakı, 15 avqust (AZƏRTAC). Rusiya Elmlər Akademiyasının (REA) İdarələrarası Superkompyuter Mərkəzində (İSM) istehsalın yeni səviyyəsi olan superkompyuterin prototipinin təqdimatı olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, REA İSM-in nümayəndələri, “RSK” və “Intel” korporasiyası qrupları bu mərkəzdə keçən ilin dekabrında istifadəyə verilmiş hesablama klasterinin təqdimatını keçirmişlər.
Klaster MVS-10P petaflops istehsal gücünə malik superkompyuterin prototipidir.
Prototip keçən ilin payızında ABŞ-da keçirilmiş SC12 yüksək məhsuldarlığa malik hesablamalar üzrə beynəlxalq sərgidə nümayiş etdirilmişdir.
Top 50-nin son siyahısında göstərilir ki, REA İSM-in 523,8 TFLOPS yüksək məhsuldarlıqda olan klasteri aprelin əvvəlində keçirilən “Paralel hesablama texnologiyaları 2013” Beynəlxalq konfransında 2-ci yerə layiq görülmüşdür. Birinci yerə isə Moskva Dövlət Universitetində “T-Platformalar” tərəfindən hazırlanan 1700,2 TFLOPS maksimal məhsuldarlıqda olan hesablayıcı kompleks sahib olmuşdur.
İstehsalçılar bildirirlər ki, Intel Xeon Phi xüsusi prosessorlarının istifadə olunduğu yeni klaster ABŞ-dan kənarda ən nəhəngi və ilkidir.
REA İSM elm və təhsil sahəsində akademiya institutlarında elmi araşdırmalara dəstəyini təmin edən, məhsuldar hesablama sistemlərindən istifadədə metodik köməyi göstərən, sistem və tətbiqi proqram təminatının təkmilləşdirilməsini həyata keçirən ən güclü superkompyuter mərkəzlərindən biridir.