“Yol bir mədəniyyətdir” sosial çarx müsabiqəsi yekunlaşıb
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinin yekun tədbiri olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək dövlət gənclər siyasətindən bəhs edib. Bildirib ki, müasir gəncliyin inkişafı üçün hərtərəfli şəraitin yaradılması onların istedad və bacarıqlarının ortaya çıxarılmasında mühüm rol oynayır. Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsi də bu istiqamətdə görülən işlərin davamıdır. Bu cür müsabiqələrin keçirilməsi gənclərin fəallığını daha da artırır, vaxtlarını mənalı keçirmələrinə imkan verir.
Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bildirib ki, müsabiqəyə təqdim olunmuş sosial çarxlara əvvəlcədən müəyyənləşdirilmiş münsiflər heyəti tərəfindən baxış keçirilib. “Ən yaxşı rejissor işi” və “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər müəyyən olunub. Müsabiqədə 15-35 yaşarası Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkəmizdə təhsil alan əcnəbi tələbələr iştirak edib, həm peşəkar, həm də həvəskar müəlliflər tərəfindən sosial çarxlar təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən xronometrajı 5 dəqiqədən çox olmayan, bu ilin istehsalı olan videomateriallar heç yerdə yayımlanmayıb.
Qeyd edək ki, “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi Tural Əliyev 250 manat, “Ən yaxşı sosial çarx” nominasiyası üzrə Bəxtiyar Hacıyev 500 manat dəyərində hədiyyə kuponları ilə mükafatlandırılıb, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə qalib olan sosial çarxlar nümayiş etdirilib.