ELM VƏ TƏHSİL
Yüksək ixtisaslı gənc kadrların hazırlanması müsbət qiymətləndirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Türkiyədə elmi ezamiyyətdə olublar.
Azərbaycan alimləri Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu (Trust-Fund), Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrup (CGİAR) və Kyu Botanika Bağları Birliyinin təşkilatçılığı ilə İzmir şəhərində keçirilən Dünya Genbanklarının illik müşavirəsində və Mədəni Bitkilərin Yabanı Əcdadları üzrə Beynəlxalq Layihələr toplantısında iştirak edib və “Azərbaycanın bitki genetik ehtiyatı və onun idarə olunması” mövzusunda məruzə ilə çıxış ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə genbankların gələcək fəaliyyəti geniş müzakirə olunub və bitki genetik ehtiyatlarının kompleks qiymətləndirilməsi, özək kolleksiyaların yaradılması, onların molekulyar marker və sekvens texnologiyaları ilə genotipləşdirilməsinin zəruruliyi vurğulanıb. Beynəlxalq Çəltik Tədqiqatları İnstitutu (İRRİ), Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz (CIMMYT) və Beynəlxalq Kartof Tədqiqatları Mərkəzində (CİP) genbank nümunələrinin marker və sekvens üsulu ilə genotipləşdirilməsi, seçilmiş bitkilərdə tam genom analizi mövzularında elmi məruzələr dinlənilib və bu tip tədqiqatların milli genbanklarda da aparılması tövsiyə edilib. Həmçinin ABŞ-ın Kornell, Koliforniya Dövlət universitetlərinin alimləri genomun oxunması sahəsində aparılan fundamental tədqiqatlar haqqında elmi məruzələri dinlənilib. Ümumi müzakirələr zamanı bildirilib ki, genom səviyyəsində aparılan tədqiqatlar genbank nümunələri haqqında daha dolğun informasiya verməklə məhsuldar və davamlı sortların yaradılması işini sürətləndirəcək və dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir.
Tədbirdə Azərbaycanın bu istiqamətdə tədqiqatlara bir neçə il əvvəl başlaması, xüsusilə yeni nəsil sekvenserləri və digər müasir avadanlıqlarla təchiz edilmiş biotexnologiya şöbəsinin, virusologiya laboratoriyasının qurulması və yüksək ixtisaslı gənc kadrların hazırlanması yüksək qiymətləndirilib. Tədbir zamanı ABŞ, İtaliya və Türkiyənin elmi tədqiqat institutları və universitetləri, o cümlədən Trust-Fund, ICARDA və CIMMYT-in alimləri ilə yeni nəsil sekvenser və marker texnologiyalarından istifadə etməklə birgə tədqiqatların aparılması və əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.