Yüksək nəticələr və yeni hədəflər: Balakənin təhsil işçiləri sentyabr konfransında bir araya gəliblər
Balakən, 31 avqust, AZƏRTAC
Ötən tədris ilində Balakənin ümumorta məktəblərini bitirən 36 məzun 500-600 bal, 14 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Bu uğurların qazanılmasında rayon məktəblərində yaradılan şərait, eləcə də müəllim kollektivinin rolu az olmayıb. Elə bu il rayonda bir yeni məktəb istifadəyə veriləcək, həmçinin bir neçə məktəb binası isə əsaslı təmirdən sonra qapılarını şagird və müəllimlərin üzünə açılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Balakən rayonunda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında səsləndirilib.
Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva təqdimatla çıxış edərək ötən tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər barədə hesabatı təqdim edib, qarşıda duran məsələlərdən danışıb. Sektor müdiri həmçinin yeni tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətləri diqqətə çatdırıb.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələri vurğulayıb. İdarə müdiri onu da diqqətə çatdırıb ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Balakəndə də məktəblərin yenilənməsi, bazasının müasir vəziyyətə gətirilməsi istiqamətində davamlı layihələr həyata keçirilir ki, bu da şagird və müəllimlərin keyfiyyətli təhsil almasına zəmin yaradır.
Konfransda digər çıxış edənlər də müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirin ikinci günü panel müzakirələri ilə davam etdiriləcək.
Müxbir - Rasim İslamoğlu