“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
Bakı, 31 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XII görüşü keçirilib. Görüşün qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, STEAM İnnovasiya Mərkəzində təşkil olunan görüşdə Vüsal Hüseynov “Miqrasiya idarəçiliyi: rəqəmsallaşma, tendensiyalar və çağırışlar” mövzusunda çıxış edib.
Görüş zamanı dövlət miqrasiya siyasəti, miqrasiya idarəçiliyində rəqəmsal transformasiya və yeni yanaşmalar, peşəkar inkişaf, beynəlxalq təcrübənin idarəçilikdə tətbiqi, insan kapitalının inkişafı məsələləri müzakirə olunub.
Dövlət Miqrasiya Xidmətinin rəisi təhsil və karyera yolu, rəhbərlik təcrübəsi, müasir idarəçilik yanaşmaları və dövlət qulluqçularının qarşısında duran çağırışlarla bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Daha sonra görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd olunub ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.