Azərbaycanlı alim bioloji risklərin idarə olunması üzrə qlobal tədqiqat layihəsində yer alıb
Bakı, 31 avqust, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislərin birgə hazırladığı “Bioloji invaziya risklərinin kommunikasiyası üçün qlobal çərçivə” adlı beynəlxalq elmi tədqiqatda Azərbaycan alimi ekspert kimi iştirak edib. “Management of Biological Invasions” jurnalında dərc olunan araşdırmada bioloji invaziya risklərinin qiymətləndirilməsi, elmi terminologiyanın unifikasiyası və nəticələrin beynəlxalq səviyyədə düzgün kommunikasiyası məsələləri araşdırılıb.
Azərbaycan alimi biologiya üzrə mütəxəssis professor Ramazan Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, o, biologiya və ekologiya sahəsində beynəlxalq miqyaslı vacib elmi layihədə həmmüəllif kimi iştirak edib.
Qlobal miqyasda biomüxtəlifliyin korlanması və ekoloji balansın pozulmasının əsas səbəblərindən biri yad (invaziv) növlərin yeni ərazilərə yayılmasıdır. Dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlərin birgə əməyi nəticəsində ərsəyə gələn “Bioloji invaziya risklərinin kommunikasiyası üçün qlobal çərçivə” (Global framework for communication of biological invasion risks) adlı genişmiqyaslı elmi tədqiqat “Management of Biological Invasions” (Bioloji invaziyaların idarə edilməsi) beynəlxalq jurnalında dərc olunub. Tədqiqatın əsas məqsədi bioloji invaziya risklərinin qiymətləndirilməsi, terminologiyanın unifikasiyası və elmi nəticələrin beynəlxalq müstəvidə düzgün kommunikasiya edilməsidir. Layihə çərçivəsində bioloji terminlərin müxtəlif dillərə dəqiq adaptasiyası aparılıb. Azərbaycanı təmsil edən Ramazan Məmmədov biologiya və ekologiya sahəsinə aid əsas terminlərin (yerli olmayan növ, oturuşmuş növ, invaziv növ, riskin müəyyən olunması, qiymətləndirilməsi, idarə edilməsi, ilkin və introduksiya olunmuş areallar) Azərbaycan dilinə elmi baxımdan dəqiq tərcüməsi, süni intellekt yoxlamasından keçirilməsi və beynəlxalq konsensusun elmi standartlara uygunlaşdırılmasında ekspert kimi iştirak edib.
Bu elmi nailiyyət Azərbaycan elminin beynəlxalq aləmdə inteqrasiyası və qlobal ekoloji problemlərin həllində yerli mütəxəssislərimizin rolu baxımından böyük əhəmiyyət kəsb edir.
Müxbir - Tünzalə Arazlı