Paytaxt təhsil işçilərinin sentyabr konfransı başlayıb
Bakı, 31 avqust, AZƏRTAC
Bakı şəhərindəki ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə sentyabr konfransına start verilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2025-2026-cı tədris ili ərzində təhsil müəssisələrində görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. O, əsas göstəricilər üzrə dinamikanı diqqətə çatdırıb, mövcud məsələlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, yeni tədris ili üzrə prioritetləri və qarşıda duran əsas hədəfləri açıqlayıb.
Bildirilib ki, yeni tədris ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübələrin yayılması, rəqəmsal və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, istedadlı şagirdlərin dəstəklənməsi, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsi paytaxt təhsilinin əsas hədəflərindəndir.
BŞTİ-nin müdir müavini Turanə Məcidli, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Zinyət Əmirova və Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə iş, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, keyfiyyət monitorinqləri, buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili, məktəbdənkənar fəaliyyətlərin əhatəliliyi və nəticəyönümlülüyü məsələlərinə toxunulub, qarşıda duran vəzifə və hədəflər diqqətə çatdırılıb.
Konfransın ikinci hissəsi paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçiriləcək.
Qeyd olunub ki, sentyabr konfransı sabah da davam etdiriləcək. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə panel müzakirələr təşkil olunacaq, yeni tədris ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər irəli sürüləcək.