TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT
Bakı, 31 avqust, AZƏRTAC
TANAP boru kəməri rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqı (IGU) və İtaliyanın “Snam” şirkəti tərəfindən hazırlanan “Qlobal qaz hesabatı 2026”da deyilir.
“TANAP-da istifadə edilən rəqəmsal əkiz texnologiyası boru kəmərinin əməliyyatlarını və bütövlüyünü müxtəlif əməliyyat ssenarilərində qiymətləndirir. Bu tətbiq vaxtında və məlumatlara əsaslanan risklərin idarə edilməsini dəstəkləyir”, - deyə hesabatda qeyd olunur.
Həmçinin hesabatda son illərdə təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) sektorunda rəqəmsallaşdırmanın əhəmiyyətli dərəcədə sürətləndiyi bildirilib. Eyni zamanda, süni intellektlə işləyən sistemlərdən rəqəmsal əkizlərə, proqnozlaşdırıcı texniki xidmətə və uzaqdan idarəetmə texnologiyalarına qədər müxtəlif tətbiqlərin sektorun müxtəlif mərhələlərində istifadə edildiyi vurğulanıb. Bildirilib ki, rəqəmsal əkiz texnologiyası təbii qaz emalı zavodlarının inkişafından tutmuş böyük təbii qaz ötürmə şəbəkələrinin idarə olunmasına qədər müxtəlif sahələrdə istifadə olunur.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Eskişehir 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Eskişehir-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1812 kilometrdir. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb.
Boru kəməri ilə indiyədək Türkiyəyə 40 milyard kubmetrdən, ümumilikdə isə 100 milyard kubmetrdən çox qaz nəql edilib. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16,2 milyard kubmetrdir və 31 milyard kubmetrə çatdırıla bilər. TANAP-la nəql olunan 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılır.
TANAP layihəsinə 6,5 milyard dollar xərclənib. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.